Gizli milli maynerlər: Kriptoqazancları tənzimləməyin vaxtıdır | ARAŞDIRMA

  Gizli milli maynerlər:  Kriptoqazancları tənzimləməyin vaxtıdır  | ARAŞDIRMA
  27 Oktyabr 2024    Oxunub:1184
Kriptovalyutaların mayninqi ("hasilatı", "istehsalı") ilə məşğul olan insanlar və qruplar artıq bütün ölkələrdə var. Onlar böyük enerji sərfiyyatına səbəb olur, vergi ödəmir, bununla yanaşı, bəzən böyük ölkələrin belə pul-kredit siyasətinə problemlər yarada bilirlər. Ona görə də fəaliyyətlərinin qanunla tənzimlənməsi günün tələbinə çevrilib.
Rusiya Dövlət Duması artıq mayninqi leqallaşdırıb. Hələ 2022-ci ildə Dumaya təqdim edilmiş kriptovalyuta mədənçiliyinin leqallaşdırılması ilə bağlı qanun müzakirə və mübahisələrə səbəb olmuşdu. Qanun layihəsində qeyd edilib ki, hüquqi şəxslər və fərdi sahibkarlar yalnız müvafiq reyestrə daxil edildikdən sonra qanuni şəkildə mayninqlə məşğul ola biləcəklər. Amma fərdi sahibkar statusu olmayan şəxslər Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş enerji istehlakı həddini aşmamaq şərtilə reyestrə daxil edilmədən də prosesə qoşula bilərlər.
Çində mayninq tam qadağan edildi

Bundan başqa, mayninqdən əldə olunan gəlir bəyan edilməlidir. Həmçinin Rusiyada kriptovalyutaların reklamı qanunla qadağan ediləcək. Hökumət müəyyən bölgələrdə mayninqi yasaqlaya bilər.
Bəs Azərbaycanda da kriptovalyuta mayninqinin qanunla tənzimlənməsinə ehtiyac varmı?

Azərbaycanın Mərkəzi Bankından (AMB) "AzVision"a bildirilib ki, qurum dünya təcrübəsini araşdırıb: "Bu təcrübələr sırasında Gürcüstan, Serbiya, Rusiya, Litva, Qırğızıstan və Özbəkistan modelləri var. Yüksək volatillik, qeyri- əffaf əməliyyatlar, istehlakçıların müdafiəsi mexanizminin olmaması, əməliyyat təhlükəsizliyi riskləri, xidmətlərin mürəkkəbliyi, bazar manipulyasiyaları kimi risklər sözsüz ki, əsas təhdidlər sırasındadır. Dünya təcrübəsinə diqqət yetirsək, bir çox ölkələrin bu istiqamətdə risklərin analizini apararaq növbəti addımlarını planladığını müşahidə edirik".


AMB bildirib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda virtual aktivlər üzrə qanunvericilikdə müəyyən dəyişikliklərin və tənzimləmə mexanizmlərinin həyata keçirilməsi nəzərdə tutulub: "Virtual aktivlərlə bağlı fəaliyyət göstərmək istəyən bəzi təşkilatların olduğundan məlumatlıyıq. Hazırda bu tipli tənzimlənməyən məhsullar üzrə potensialın dəqiq ölçülməsi vacibdir. Bunun üçün isə bazar iştirakçıları xüsusi tənzimləmə rejiminin (XTR) növbəti dövründə öz müraciətlərini formalaşdıra bilərlər. AMB tərəfindən çərçivə müəyyən olunmaqla test rejimində həmin layihələrin sınaqdan keçirilməsi planlaşdırılır. XTR şərtləri çərçivəsində potensial risklər qiymətləndirildikdən sonra aradan qaldırılması istiqamətində tənzimləmə mexanizmləri hazırlanacaq".

Dövlət Vergi Xidmətindən (DVX) isə sorğumuza cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu istiqamətdə beynəlxalq təcrübədə bir neçə əsas trend mövcuddur. Bu alətlərin inkişaf dinamikası və maliyyə bazarlarındakı mövqeyi vergi orqanlarının diqqətindən yayınmır. Kriptovalyutaların dəyərinin dəyişməsindən asılı olmayaraq, onları vergiyə cəlb etməyin aydın və konkret yolu olmalıdır. Sahiblərinin kimliyi gizli olduğu üçün kriptovalyutaların kimə məxsus olduğunu müəyyənləşdirmək də çətindir.

Kriptoaktivlər ödəniş alətləri kimi

2009-cu ildə kriptoaktivlər ödəniş alətləri kimi maliyyə bazarlarına təqdim edildikdən sonra bu aktivlərin 10.000-dən çox variantı meydana çıxıb. Onlar arasında ən məşhuru "bitcoin"dir. Dünya ölkələrində bu alətlərin inkişaf dinamikası və maliyyə bazarlarındakı mövqeyi vergi nəzarətini həyata keçirən orqanların diqqətindən yayınmır. Lakin bu sahədə vergi tənzimləmələri üçün mexanizmlər mükəmməl səviyyədə deyil. Kriptovalyutaların istifadəsinin hələ də məhdud olduğu şəraitdə bu sahədə mümkün vergi öhdəliyi ilə bağlı yaranan məsələlərin həlli mütəxəssislər üçün müzakirə mövzusudur.

Maliyyə ekspertləri belə hesab edirlər ki, kriptovalyutaların dəyərinin dəyişməsindən asılı olmayaraq, onları vergiyə cəlb etməyin aydın və konkret yolu olmalıdır. Burada əsas sual yaradan məqam kriptovalyutanın təsnifatının müəyyən edilməsi – mülkiyyət və ya valyuta olaraq tənzimlənmə prosesinə cəlb edilməsidir. Bəzi ekspertlərə görə, kriptovalyuta mənfəət üçün təqdim edildikdə kapital gəlirləri digər aktivlərdə olduğu kimi vergiyə cəlb olunmalıdır. Kriptovalyuta ilə edilən alışlar nağd pul əməliyyatları ilə eyni vergilərə cəlb edilməlidir. Burada vacib məqamlardan biri kriptovalyutanın vergi məqsədləri üçün necə xarakterizə olunmasına aydınlıq gətirilməsidir. Kriptovalyuta üzrə əməliyyatların dəyişən xassəsinə görə bu asan olmasa da, nəticə etibarilə mümkündür.


DVX kriptovalyutadan potensial gəlirlər məsələsinə də toxunub: “Təxmini hesablamalar göstərir ki, 2021-ci ildə yüksələn qiymətlər fonunda kriptovalyutadan əldə edilən kapitala 20 faizlik vergidən dünya iqtisadiyyatı təxminən 100 milyard dollar gəlir əldə edə bilərdi. Bu, qlobal korporativ gəlir vergisinin təxminən 4 faizini və ya ümumi vergi yığımının 0,4 faizini təşkil edir. Lakin kriptovalyuta bazarının ümumi kapitallaşması 2021-ci ilin sonundakı zirvədən 63 faiz aşağı düşdüyü üçün, vergi gəlirləri azalacaqdı. Əgər bu itkilər digər vergilərlə tam kompensasiya olunsaydı, gəlirlərdə də müvafiq azalma olardı. Daha sabit dövrlərdə və mövcud bazar ölçüsü ilə kriptovalyutadan qlobal vergi gəlirləri, ehtimal ki, ildə orta hesabla 25 milyard dollardan az olacaq".

Bu fikirlər və hesablamalar fonunda Avropa Birliyi 2024-cü ilə qədər əsas fəaliyyətinə rəqəmsal aktivlər və blokçeyn texnologiyasını daxil etməyi planlaşdırır. 2024-cü ilədək rəqəmsal maliyyələşdirmə üçün əhəmiyyətli potensiala sahib olan bütün sahələrdə lisenziyalar əldə etmək üçün “bir pəncərə” prinsipi tətbiq ediləcək. COVID-19 pandemiyası dünyada rəqəmsal ödənişlərin istifadəsini sürətləndirsə də, blokçeyn və kriptoaktivlər mərkəzi banklar və beynəlxalq maliyyə tənzimləyiciləri üçün hələ də mübahisəli mövzu olaraq qalır.

Kriptovalyutalar kimə məxsusdur?

Qurumun məlumatında o da vurğulanıb ki, sahibləri gizli olduğu üçün kriptovalyutaların kimə məxsus olduğunu müəyyənləşdirmək çətindir: “İlkin müşahidələr deməyə əsas verir ki, bu aktivlərin sahibləri yüksək gəlirli insanlardır. Bununla yanaşı, aşağı gəlirli insanlar arasında da kriptovalyuta aktivlərinə sahib olanlar çoxdur. Təxminən 10.000 nəfər bütün "bitcoin"lərin dörddə birinə sahibdir. Kriptovalyuta əməliyyatları vergi orqanlarından gizlədilmə potensialına görə nağd pul əməliyyatları ilə oxşarlıqlara malikdir. Hazırda kriptovalyuta ilə alışların həcmi azdır. Lakin bu, onların artmayacağı demək deyil. Məsələn, vaxtilə vergi sistemləri nağd pul əməliyyatları üzrə nəzarət mexanizmi hazırlamasaydı, onların bazar payının artması vergidənyayınmaya, bu da dövlət gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilərdi. Bu təcrübə kriptovalyutanın tənzimlənməsi üçün mexanizmin olmasını şərtləndirir.

Kriptovalyutanın kimə məxsus olmasını müəyyənləşdirməyin mürəkkəbliyi onun vergiyə cəlb edilməsi üçün əsas çətinlikdir. Kriptoəməliyyatlar zamanı ümumi elektron ünvanlardan istifadə edilir. Bu isə vergidən yayınmanı asanlaşdırır. Bu sahədə mərkəzləşdirilmiş mübadilə sistemləri, standart “müştərinizi tanıyın” izləmə qaydalarının tətbiqi məqsədəuyğun görünür. Bir çox ölkələr bu cür qaydaları tətbiq etməyə çalışırlar. 2022-ci ilin avqustunda OECD kripto aktivlərlə bağlı əməliyyatlar üzrə vergi məlumatlarının standartlaşdırılmış şəkildə hesabat verilməsini nəzərdə tutan Kriptoaktiv Hesabatları Çərçivəsini (CARF) təsdiqləyib.


Kriptovalyutalar və vergi tənzimləmələri hazırda qlobal çağırışların aktual mövzuları sırasında yer alır və ölkələr bu sahədə ən yaxşı mexanizmi hazırlamaq üçün müştərək cəhdlər edirlər.

Kriptovalyutalar və vergi tənzimləmələri

Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq, növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

DVX bəyan edir ki, buna əsasən gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür: “Birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur. (Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu və 101-ci maddələri)
Fiziki şəxsin əldə etdiyi kriptovalyutanın pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirlər onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir”.


Məsələni AzVision.az -a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev deyib ki, Rusiyada bu proses üç il davam edib. Kriptovalyuta mövzusunda Dövlət Dumasının, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin mövqeyi bir-birindən fərqlənib. Amma ümumilikdə Dövlət Dumasının İqtisadi siyasət komitəsi, Maliyyə Nazirliyinin bu sahəyə məsul orqanları leqallaşmaya müsbət yanaşıblar. Yalnız Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina prosesə qarşı çıxıb.


“Əslində elə son sözü də Nabiullina dedi. Bir sözlə, mayninqi leqallaşdırmağa məcbur oldular. Çünki müəyyən problemlər yaranırdı, xeyli elektrik enerjisi itkiyə gedirdi. Zatən məsələnin qanuniləşdirilməsindən başqa yolu yoxdur. Leqallaşdır və izlə gör ki, kimlər bu işlə məşğuldur.

Azərbaycanda kriptovalyuta maynininqinin qanunla tənzimlənməsinə gəldikdə isə, buna ciddi ehtiyac yaranıb. Bu gün mayninqlə məşğul olan xeyli şirkət var. Əslində onları "şirkət" adlandırmaq olmaz. Vergi məsələləri ilə bağlı müraciət olunur ki, kod açılsın və bu adamlar rahat şəkildə mayninqlə məşğul ola bilsinlər. İqtisadiyyat Nazirliyinə bu mövzuda dəfələrlə müraciətlər ünvanlanıb. Hələ ki, nə mənfi, nə də müsbət cavab verilir, sadəcə, araşdırma aparırlar. Amma araşdırmaların hansı formada aparılması məlum deyil. Əminəm ki, mayninqlə məşğul olanlar kriptovalyuta ilə bağlı proseslərin leqallaşmasının arzusundadırlar. Çünki belə olan təqdirdə vətəndaşlar haqqında söz açdığım fəaliyyət kodunu aldıqdan sonra qanuni şəkildə işlərini qura biləcəklər”.

Ekspert mayninqin leqallaşmasının başqa üstünlüklərinin də olduğunu deyir. Proses qanun çərçivəsinə salınsa, əlavə iş yerləri açılacaq.
Ölkəmizə kriptovalyuta birjaları, mübadilə servisləri, mayninq şirkətləri gələcək. Azərbaycanda belə birja, servislər varsa, leqallaşacaqlar. Onların uçotu aparılacaq və ölkədə neçə şirkətin mayninqlə məşğul olması, nə qədər vətəndaşın kriptovalyutaya investisiya qoyması bəlli olacaq.

Üçüncü və ən mühüm məsələ dövlətin bu prosesdən faydalanması olacaq. Dövriyyə olacaqsa, təbii ki, buradan pul qazanılacaq. Ortada qanun, hüquq baza yoxdursa, o demək deyil ki, kriptovalyutayla bağlı fəaliyyət sıfırdır. Mayninq şirkətləri faktiki olaraq qeyri-rəsmi fəaliyyət göstərirlər. Hazırda görmədiyimiz mayninq prosesləri davam edir. Amma dövlət buna nəzarət edə bilmir. Çünki hüquqi boşluq var.

Hazırda kriptovalyutadan qazanılan pul qeyri-sahibkarlıq fəaliyyətindən gələn gəlir kimi qiymətləndirilir. Məsələn, evi kirayə verəndə bu, sahibkarlıq fəaliyyəti yox, sadəcə icarə haqqından qazanılan pul sayılır. Oradan gələn gəlir isə məlum 14 faizlik vergiyə cəlb olunur. Mayninq məsələsi də hazırda qeyri-sahibkarlıq fəaliyyəti sayılır və 14 faizlik vergi tətbiq edilir. Bu gün xeyli sayda şirkət var ki, kriptovalyuta sahəsinə investisiya qoymaq istəsə də, mayninqin leqal olmaması səbəbindən geri çəkilir. Biz sanki nəyisə gözləyirik. Rusiyada bu proses artıq leqallaşdı. Yəqin ki, Türkiyə də mayninqi leqallaşdırsa, ölkəmizdə də oxşar addım atılacaq.

Dövlət Vergi Xidməti rəsmi qaydada İqtisadiyyat Nazirliyinə fəaliyyət kodunun verilməsi ilə bağlı müraciət də edib. Bu kod olmadan mayninqlə məşğul olanda fəaliyyətin izahı ilə bağlı müəyyən problemlər yarana bilər. Amma ortada hüquqi baza olsa, kod təyin edilsə, həmin şəxslər vaxtında vergisini də ödəyər, qeydiyyatdan da keçər və narahat da olmaz ki, onun biznesi qeyri-leqal sayılır. Əslində beynəlxalq təcrübəyə baxsaq, hüquqi baza taparıq. Ukrayna, Özbəkistan təcrübəsindən yararlanmaq olar. Hətta Türkiyədəki Kapalı Çarşıda olan “exchange”də kriptovalyuta leqal sayılır. Eyni şey Dubayda da var. Bizdə isə leqal “exchange” yoxdur... Qeyri-leqal “exchange”lər müəyyən mənada risklər yaradır. Bir sözlə, mayninq məsələsi gündəmdədir, faktiki olaraq bu fəaliyyətlə məşğul olanlar var. Sadəcə, bunu tənzimləmək lazımdır”.

Mütəxəssis ölkələrin çox vaxt prosesin leqallaşandan sonra elektrik enerjisi böhranının yaranacağından qoxduğunu da vurğulayıb. Məsələn, İran kimi ölkədə mayninq leqallaşıb. Amma yay aylarında mayninq dayandırırlar. Çünki enerji srateji resurs olduğu üçün ölkə qıtlığa qarşı müvəqqəti tədbir görür. Amma Azərbaycanda bu o dərəcədə risk yaratmaz. Əgər hesablasaq, ölkədə risk yarada biləcək mayninqlə məşğul olan kütlə tapmarıq.




Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov kriptovalyutalar sahəsinə vahid və sistemli yanaşmanın vacib olduğunu düşünür. Onun sözlərinə görə, Azərbaycan pul-kredit siyasətində blokçeyn texnologiyasının öyrənilməsi və buna uyğun qərarların qəbulu ilə bağlı müəyyən fəaliyyətlər nəzərdə tutub: "Bu məsələdə xüsusən virtual pulların istifadəsi ilə bağlı qaydaların müəyyənlişdirilməsi nəzərdə tutulub. Bütün bunlarla parallel olaraq Azərbaycanda yaxın zamanlarda elektron pulların dövriyəyə buraxılması da planlaşdırılır. Artıq elektron pulların dövriyəyə buraxılması ilə bağlı Mərkəzi Bankdan lisenziya alan təşkilatlar da var. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanda elektron pullar dövriyəyə buraxılacaq".

Deputat qeyd edib ki, kriptovalyuta mayninqlərinin qanunla tənzimlənməsi ilə bağlı hansısa mühüm qərarın verilməsi pul-kredit siyasətinə uyğun olaraq bu sahədə ciddi araşdırmalar aparıldıqdan sonra mümkündür: "Ümumiyyətlə gələcəkdə virtual pulların dövriyəsinin tənzimlənməsi və bu istiqamətdə leqallaşdırma addımları hazırda müzakirə olunan məsələlərdən biridir. Sözsüz ki, bütün bunların pul-kredit siyasəti və ölkənin mövcud maliyyə sistemi çərçivəsində həyata keçirilməsi vacibdir. Artıq ilkin addımlar atılıb, elektron pullarun dövriyəyə buraxılması nəzərdə tutulur, növbəti mərhələdə isə kriptovalyutalarla bağlı tənzimlənmələrin müzakirəyə çıxarılacağı gözlənilir".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Kriptovalyuta   Mayninq   Vergi   Qanun  





Xəbər lenti